Dərin bir nəfəs. Bu nəfəs digərləri kimi deyil!
Ciyərin bütün kiçik hüceyrələrinə qədər hava atomları ilə dolub. Ciyər o qədər oksigen alıb ki, artıq sinə boşluğuna sığmır. Digər bütün orqanları sıxıb, onların yerini də zəbt edib. Özünü sığdıra bilmədiyi qəfəsdə, yəni qabırğaların arasında belə, ciyər böyüyüb çölə çıxır.
Ciyər o qədər böyüyüb ki, qəfəsi içəridən sıxır. Hər bir qabırğa sanki həbsxana barmaqlığına çevrilib. Ciyər onların arasından daşır, dəmirlərə sarılır, onları qucaqlayır və qəfəsin formasını dəyişdirəcək qədər təzyiq göstərir. Sümüklər müqavimət göstərdikcə ağrı artır. Bədbəxt elə düşünür ki, sinəsinə ağır bir yük qoyulub. Ancaq bu zavallı anlamır ki, o hissi verən çöldən olan deyil, içəridəki basqıdır.
Hələ ürəyi demirəm.
Ciyər onu tamamilə sıxışdırıb. Elə sıxışdırıb ki, sanki ürək öz yerindən qopub sinəsinin kənarına sürüşüb. O qədər yeri yoxdur ki, qanı dövr etdirmək üçün özünü yığıb-aça bilmir. Bədbəxt elə hiss edir ki, ürəyi özündən də kiçik bir qabın içinə qoyulub. O qədər kiçik bir qab ki, qapısını bağlamaq üçün ürəyi zorla içəri basıb, sığmayan gövdəsini qabın boşluqlarına təpişdiriblər.
Əlacsız qalan ürək başa heç qan apara bilmir.
Bədbəxt elə hiss edir ki, sanki uzayın boşluğundadır. O an heç nə hiss edə bilmir. Nəyin baş verdiyindən belə xəbərsizdir.
Burax başı, qan heç yaxın qonşularına belə günlük reysləri ilə səyahət edə bilmir. Tuneldə elektrikləri kəsilmiş qatar kimi, qan da damarlarda qalıb. Heç yerə gedə bilmir. Stansiyalar gözləyir, amma qatar tərpənmir.
Qan pompalanmadığı üçün əzələlərə gərəkli oksigen çatmır. Əzələlər oksigensiz qaldıqca bədəni öz ağırlığını daşıya bilmir. Durduğu yerdə sallanır və elə bilir ki, uzaydakı bədəninə ən kiçik təsir belə kifayətdir. Sahilə bağlanmış bir qayıq kimi, bədəni boşluqda yalpalanır. Hər görünməz zərbə onu bir tərəfdən digər tərəfə atır.
Gerçəklikdən uzaqlaşmağa başlayan varlığı bütün həyatının belə olacağını varsayır.
Bir anlasa ki, sadəcə "nəfəs al və burax" desə, hər şey düzələcək. Ciyər geri çəkiləcək. Ürək yenə yerini tapacaq. Qan yenidən yola düşəcək. İçindəki düzən geri gələcək.
Bədbəxt o qədər arzulayır ki, bu an ciyərləri boşalmasın, ürəyi bir daha döyünməsin, beyni bir daha işləməsin, əzələləri bir də reaksiya göstərməsin, gözləri bir də açılmasın və o bədən uzayın qaranlığında süzülüb yox olub getsin.
Ancaq ciyərlər dolan havanı buraxır.
Ürək yenidən döyünməyə başlayır.
Qan yenidən hərəkət edir.
Hər şey əvvəlki yerinə qayıdır.
Gözləri açılır.
Hələ də buradadır.
Hələ də davam edən yaşantısını görür.
Bir nəfəs almaq qədər qısa olan bu müddətdə bu işgəncəni bir daha yaşayacağını bilir.
Vüsal Yusif tərəfindən
4 iyun 2026, saat 12:44